Hətta tarzən də… | İsmayıl Rafiqoğlunun yazısı

      Hətta tarzən də…    | İsmayıl Rafiqoğlunun yazısı
  09 Yanvar 2024    Oxunub:3701
“Jurnalist müsahibə aldığı şəxsi tanımalıdırmı” sualının birmənalı cavabı yoxdur desəm, bəlkə də yanılmaram. Qanunla, yəni jurnalistika dərsliklərində göstərilən qaydaya görə oturub-durası olsaq, əlbəttə, jurnalist nəinki tanımalı, hətta müsahibə aldığı şəxsin barəsində çox məlumatlı olmalıdır. Di gəl, həyatımızı bu qaydaların çərçivəsinə sıxmaq olmur.
Nəzəri yox, praktik jurnalistikada çalışan hər bir insan gündə onlarla çətin məsələnin öhdəsindən gəlməlidir. O, tez-tez kobud söz eşidir, sorğusuna cavab ala bilmir, üstəlik də gündəmə uyğun olaraq redaksiyadan verilən hər bir tapşırığı yerinə yetirməlidir. Bu gün deputatla danışır, sabah isə müğənni ilə. Birini tanıyır, birini yox. Bəzən müsahibə aldığın şəxsin kimliyindən belə xəbəri olmur. Kitabını oxumadığın yazıçıdan, tablosunu görmədiyin rəssamdan, çıxışını izləmədiyin iqtisadçıdan açıqlama almağa məcbursan. Jurnalist əslində insanları elə müsahibə ala-ala tanıyır. Hər bir təcrübəli jurnalist müsahibləri ilə bağlı onlarla gülməli, bəzən də ağlamalı halları xatırlaya bilər.

* * *

Haradasa 5-6 ilin söhbətidir. Hazırda sayt redaktoru kimi çalışan Gülnar Nazimqızının da daxil olduğu qrupda təlim keçirdim. Hamıya demişdim, mütləq hərəyə bir müsahibə eləməliyik. Özü də demişdim, hər tələbə ilə birgə müsahibəyə girəcəyəm, dəstək olacağam bir növ. Gülnar da aktyor Kamran Yunislə müsahibə etməyi təklif etdi. Açığı, o zaman aktyorun nə filmlərinə baxmışdım, nə də səhnədə hansısa rolunu izləmişdim. İş çox, zaman az.

Heç Kamran Yunisin barəsində internetdə də axtarış etməyə imkanım olmamışdı. Bir sözlə, zaman gəldi, Gülnarla aktyor gəlib çıxdılar. Oturduq qarşı-qarşıya. Kimliyni bilmədiyim bir şəxslə elə hey danışdıq, söhbətləşdik, dərdləşdik. Teatrdan, səhnədən, rejissor Vaqif İbrahimoğlundan Kamran Yunislə 2 saat danışdıq. Aman Allah, bu nə müsahibə idi? Həyatımda belə gözəl hisslər keçirməmişdim. Bu insanı özüm üçün kəşf elədim. Gülnar da kənarda qalmadı, elə hey suallardan verdi, çünki təbiətən müsahibə jurnalistidir. Nəyi bacarmasa da, müsahibənin tanrısıdır.

O qrupdan olan tələbələrlə birgə neçə tanımadığın şəxsin müsahibəsinə qoşuldum, heç birində problem olmadı, amma Kamran Yunislə olan söhbəti nədənsə unuda bilmirəm.

* * *

Boynuma alıram, onlarla tanımadığım, bilmədiyim insandan müsahibə almışam, çünki jurnalist öz peşəsində bəzən kimisə kəşf etməli olur. Heç kimin tanımadığı, fitri istedad sahibi olan, bacarıqlı insanları məhz jurnalistlər üzə çıxarırlar. Elə olur hansısa hakeri danışdırmalı olursan. Bu adam heç öz adının verilməsini belə istəməyirsə, onun barəsində əvvəlcədən nə məlumat toplamaq olar? Qadın var, yoldaşına xəyanət edir, adının çəkilməsini istəmir, elə onu cəmi bir dəfə görüb danışırsan. Oradaca bu hadisənin səbəblərini tapmalı, düzgün suallar verməklə məsələni araşdırmalısan. Bəzən üzünü görmədiyin başqa bir xanımla elə sosial şəbəkədə yazışmalı olursan. Sonra isə həyatında bircə dəfə belə onu görmürsən. Yazdığın müsahibə isə çox ağır alınır, çünki qadın bir tərəfdən yoldaşını itirib, digər tərəfdən isə onu qaldığı evdən çıxarıblar, əməlli-başlı işi olmaya-olmaya övlad böyütməyə məhkumdur.

Gündə bir neçə tədbirə gedən reportyorun işi lap ağırdır. Redaksiya səndən xəbər, müsahibə gözləyir, zaman da yoxdur, əldən cəld tərpənib rəqib saytlardan öncə material hazırlamalısan. Heç vaxt tanımadığın, görmədiyin insanlarda özünə qarşı rəğbət hissi yaradaraq verdiyin suallara cavab almalısan. O da əgər müsahibin mədəni insan olsa. Kobudluq, etinasızlıq, dözümsüzlük jurnalistin ən tez-tez qarşılaşdığı hallardır. Jurnalist isə nədənsə etikanı gözləməli, susmalı, dözməlidir.

İnsanlar jurnalistə qarşı çox tələb irəli sürürlər. Bax ha, savadlı olmalısan, doğru-düzgün yazmalısan, nəzakətli, mehriban və hər məsələdən xəbərdar olmalısan.

Səni isə təhqir edə bilərlər: məmur da, tanınmış yazıçı da, hətta tarzən də…

İsmayıl Rafiqoğlu
AzVision.az üçün


Teqlər: Media   Gündəm  





Xəbər lenti